SON XƏBƏR

TÜRK YAZAR VAŞİNQTONUN “QÜDS ŞİFRƏSİ”Nİ AÇDI

Dekabr 11
23:24 2017
Sərdar TURQUT,

"Habertürk” ün Vaşinqton təmsilçisi

Vaşinqton siyasi simvollara çox önəm verir. Bir toplantının keçirildiyi yerə, iştitakçıların oturma formasına, rəsmi binaların yerləşmə yerlərinə və aralarındakı simmetriya əlaqəsinə baxaraq siyasi mənalar çıxarmaq mümkündür. Noyabr ayında şəhərin ikonları arasına yeni bir bina da qatıldı. Bu bina, ABŞ-ın Qüdslə bağlı aldığı qərarın mənasını açmamız üçün bizə lazım olan şifrələri verməkdədir. Ötən noyabr ayında ziyarətə açılan bu bina "İncil Muzeyi”dir. İncildə anladılanların səhnələşdirildiyi, müqəddəs olduğu qəbul edilən hadisələrin görüntülü sərgiləndiyi muzey rəsmi binaların simmetrik mövqelərinə məna yükləyən bu şəhərdə Konqres binasına yaxınlığı və Vaşinqton Abidəsinə görə mövqeyi ilə artıq yeni bir hakim məkan olduğuna işarə edirdi.

Yevangelist hərəkatın rəsmi siyasət üzərindəki hakimiyyətinin hər keçən gün daha da artdığı bu şəhərdə açılan "İncil Muzeyi”, dünyəvi rəsmi binalara görə daha kiçik olsa da, xarici estetikası və daxilində sərgilənənlərin anlamıyla – "Mən sizi əlimdə oynadaram”, deyirdi.

Netanyahu əlaqəsi

Sonra, zamanın ruhunu anlamamıza yardımçı olacaq yeni bir simvolik hadisə də oldu. "İncil Muzeyi”nin açılışını dünyada ilk və bəlkə də, tək təbrik edən siyasi lider İsrailin Baş naziri Benyamin Netanyahu oldu. Açıldıqdan bir müddət sonra "İncil Muzeyi”ni ziyarət edən İsrail Turizm naziri, Baş nazir Netanyahunun muzeyin açılışı münasibətilə yazdığı bir təbrik mesajı oxudu.

Amerikadakı Yevangelist hərəkatı ilə yəhudilər arasında müqəddəs kitab qardaşlığı mövcuddur. Yevangelistlər İsraildəki Ortodoks yəhudi hərəkatıyla çox yaxın əlaqədədirlər. İkisi də müqəddəs kitabda Qüdsün İsrailin paytaxtı olduğunun yazıldığını qəbul edir.

Bütün bu simvolları və şifrələri bir yerə gətirdikdə, Amerikanın yeni Qüds siyasətinin mənasını anlaya bilərik. Bu yeni siyasət, yevangelist və yəhudi əməkdaşlığının bir layihəsidir və böyük bir müharibəni belə gözə alaraq, tətbiq edilməyə başlanmış bir dini regional dizayndır.

Təbii, bu göz önündəki simvollardan Qüds siyasətinin şifrələrini aça bilsək də, bunun Vaşinqtonun alaqaranlıq siyasi dəhlizlərində necə həyata keçirildiyini də açmağa çalışmalıyıq.

Yevangelistlər Ağ evdə

Nyu Yorkdakı məhkəmənin son günündə hakimin məhkəməni erkən bitirməsinin verdiyi üstünlükdən istifadə edib, bu cür mövzuları yaxşı bilən bir dostumla görüşmək üçün bir müddətdir ayrı qaldığım Vaşinqtona gəldim. İnformasiya mənbəyim mənə Yevangelist hərəkatın Vaşinqtonda və Ağ ev üzərində qurduğu təsir mexanizmlərini, bütün qurumlar içərisində gücü bir oktapod kimi əllərində necə saxladıqlarını anlatdı.

Vitse-prezident Mayk Pensin qatı bir yevangelist olduğunu onsuz da bilirik. O, təkbaşına bir qadınla danışmayacaq qədər inanclarıyla yaşayan vitse-prezidentdir. Bu üzdən, Tramp Ağ evdə Qüds qərarını açıqlayarkən Mayk Pensin də dalğın baxışlarla onun düz arxasında, ABŞ bayrağının altında durmasının simvolik mənası böyükdür.

Sabiq baş məsləhətçi Stiv Bennon Ağ evdən ayrılsa da, hələ gücünü qoruyur. Çünki onun vəzifədən ayrılması prezidentlə əldə edilən bir razılaşma – "Ağ evin çölünə çıxım ki, sizin (Tramp) düşmənlərinizlə daha rahat, bütün silahlardan istifadə edərək mübarizə edim” əsasında baş vermişdi. İslamofobik olan Bennon, Trampın "sümükləşmiş” elektoratını təşkil edən yevangelistləri yönləndirməkdə çox təsirlidir.

Mənbəyim, mənim onsuz da bildiyim bu iki isimlə bərabər, bu günə qədər eşitmədiyim başqa bir məsələyə də diqqətimi cəlb etdi.

Qeyri-rəsmi məsləhətçilər

Yevangelist hərəkatın içindəki mübahisəni də yaxşı bilən bu qaynağıma görə, Ağ ev daxilində ictimaiyyətin çox bilmədiyi, sadəcə yevangelistlərdən ibarət olan qeyri-rəsmi məsləhətçilər qrupu vardır. Bunlar özlərinə "Evangelical Advisory Board” ("Yevangelist Məsləhət Heyəti”- tərc.) adını vermişlər. 

Bunların içində ən təsirli olanı, qrupun de fakto sözçüsü Coni Murdur. Bunlar sadəcə prezidentə məsləhət verməklə kifayətlənmirlər, ABŞ-ın Orta Şərqdə qurmaq istədiyi yeni nizamın pərdə arxasındakı reallaşdırıcıları da onlardır. Bunun üçün qrup olaraq, başqa ölkələrə səfər edirlər, xarici ölkələrlə danışıq aparırlar. Misal üçün, "Yevangelist Məsləhət Heyəti” Misirə gedərək, prezident Sisi ilə görüşüblər və ABŞ-ın alacağı yeni qərarları öncədən ona da anladıblar.

Ağ evdə bu yeni siyasəti yazan yüksək səviyyəli dar bir qrup var. Bunlar isə "Yevangelist Məsləhət Heyəti”lə də əməkdaşlıq edərək işləyirlər. Bu yüksək səviyyəli dar qrup daxilində Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner, prezidentin Baş müzakirəçisi Ceyson D. Qrinblat, Milli təhlükəsizlik məsləhətçisinin müavini Dina Pauel və ABŞ-ın İsraildəki səfiri Devid M. Fridman vardır.

"Yevangelist Məsləhət Heyəti”nin Misirə səfər etməsi, bu dar qrupdakı təsirli Dina Pauelin Misir əsilli bir qipti xristian olması məlum olduqda, daha anlamlı ola bilər.

Digər mexanizmlər

Bura qədər anlatdıqlarımızdan əlavə, Ağ ev başqa qeyri-rəsmi dini əlaqələr də qurub və bunlardan maksimal səviyyədə istifadə edir.

Məsələn, qurulmasında son prezident seçkisində namizəd olmaq üçün çalışan Ben Karsonun təsirli olduğu "My Faith Votes” ("Mənim İnancım Səs Verir”) adlı qrup son seçkidə səs verməyən 25 milyon xristianın növbəti seçkidə səs verməsi üçün çalışır. Bu hərəkat üçün yevangelist duyğuların əhəmiyyəti böyükdür.

Yevangelistlər üzərində çox təsirli olan siyasətçi Mayk Hakabi hazırda Ağ evdə mətbuat konfranslarını keçirən sözçü Sara Hakabi Sandersin atasıdır.

Xeyli güclü olan "American Christian Leaders for America” ("Amerika Xristian Liderləri Amerika üçün”) adlı qrup da Ağ evin qərarlarına çox təsir edir.

Ayrıca, Ağ evin İctimaiyyətlə Əlaqələr Ofisinin (Office of Public Liaison) də tamamən Yevangelist hərəkatın təsiri altında olduğu bildirilir. Ofisdə dini strukturlaşmanın mövcud olduğu və onların elektoratla əlaqələrinin xeyli güclü olduğu da qeyd edilir.

Göründüyü kimi, bəhs etdiyimiz yüksək səviyyəli dar qrup ABŞ üçün yeni Orta Şərq planını yazıb (Bu plan haqqında növbəti yazımda bəhs edəcəyəm). Bunun ABŞ-ın daxili siyasətindəki təsirlərini də bu dini qruplar uyum içərisində formalaşdırıb.

Anlayacağınız odur ki, təməldə daxili siyasət düşünülərək, işlənib hazırlanan yeni bir plandan söhbət gedir. Üstəlik, bunu işləyib hazırlayanlar bir dini müharibəni belə, gözə alıblar.

Tərcümə Strateq.az-ındır
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook