SON XƏBƏR

Usubov cəzasını haqsız sayır: “Komandamıza nifrətlə yanaşırlar”

Oktyabr 09
16:01 2023
AFFA-nın İntizam Komitəsinin son iclasında haqqında cəza qərarı çıxarılanlar arasında Birinci Liqada çıxış edən "İmişli”nin məşqçisi Ruhid Usubov da var idi. Komitə "Mingəçevir”lə matçın 32-ci dəqiqəsində hakimlərə etiraz etdiyi üçün Usubovun qırmızı vərəqə ilə cəzalandırıldığını və iki oyunluq uzaqlaşdırıldığını açıqlayıb. Ancaq mütəxəssis haqsız yerə cəzalandırıldığını düşünür.

O, Qaynarinfo-ya açıqlamasında cəza ilə razılaşmadığını bildirib:

"Top bizim idi, amma hakim əks tərəfin lehinə qərar çıxardı. Bundan dərhal sonra qol vurdular. Həmin vaxt yan hakimə etiraz etdim ki, buna sən səbəb oldun. O, geriyə çevrilib ehtiyat oyunçular skamyasında oturan uşaqlara "ayə sakit olun”, daha sonra mənə, aqressiv şəkildə "keç otur yerində” dedi. Hakimlərin bizə qarşı aqressiyasını başa düşə bilmirəm. Məni tanıyırsınız, sakit təbiətli insanam. Normal şəkildə etirazımı bildirmişəm. Dördüncü hakim isə baş hakimi çağırıb məni qırmızı vərəqə ilə cəzalandırmasını istədi. Haqsız yerə cəzalandırılmağımın səbəbini soruşdum, dedi, "üstümə bərk gəlib, etiraz etmisən”. Etiraza görə qırmızı vərəqə göstərilir? Üstəlik 150 manat cərimələnmişəm. Niyə çörəyimə bais olurlar? Orada qərəzli heç nə deməmişəm. Elə bil ki, komandamıza nifrətlə yanaşırlar. Rəqib mübarizə zamanı iki ayağı ilə bizim oyunçunu vurur, amma onlara heç nə demir”.

Usubov İmişlidə daim hakimlərə hörmətlə yanaşdırlarını deyib:

"İmişliyə gələn hakimlərə daim hörmət göstərmişəm. Onları həmişə müdafiə etmişəm, azarkeşlər nəsə deyəndə sinəmi irəli vermişəm. Özüm də futbolçu olmuşam, bilirəm ki, kimisə təhqir etmək, alçaltmaq düz deyil. Ancaq onlar mənə hörmət etmir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook