SON XƏBƏR

Vahid Nəzərovdan Ağır Atletika Federasiyasına şok sözlər: "Hazırda oranın rəhbərliyi qeyri-qanunidir"

Avqust 18
17:29 2016
Azərbaycanın Ağır Atletika Federasiyasında iyunda təyinatlar gerçəkləşib. Belə ki, Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. AZAL Konserninin sədri olan Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiyada bundan əvvəl Sevil Əliyevanın oğlu Azər Əliyev vitse-prezident vəzifəsinə gətirilmişdi.
 
Qaynarinfo.Az-a açıqlamasında federasiyanın sabiq vitse-prezidenti, millimizin sabiq baş məşqçisi Vahid Nəzərov bu təyinatların qanunsuz olduğunu bildirib:
"Neçə illərdir ki, Ağır Atletika Federasiyasında Hesabat-Seçki Konfransı keçirilmir. Orda təyinat yox, seçki sistemi olmalıdır. Hesabat-Seçki Konfransında federasiya prezidenti, vitse-prezidentlər, baş katib seçilir. Nizamnaməyə əsasən 4 ildən bir seçki keçirilməlidir. Burda Rəyasət Heyəti, Məşqçilər Şurası, İcraiyyə Komitəsi, Hakimlər Kollegiyası və Veteranlar Şurası seçilməlidir. Amma bu, dövlət qurumu deyil ki, təyinat olsun. Federasiya ictimai qurumdur.
 
Beynəlxalq Ağır Atletika Federasiyasının Nizamnaməsində yazılıb ki, əgər 1 federasiyada 5-dən artıq idmançı dopinqdə ilişərsə, o federasiya istefaya getməli və yeni seçki keçirilməlidir. İndi quruma təyin olunan şəxslər qeyri-qanunidir. Onlar seçki yolu ilə seçilməli idi. Məsələn, Cahangir Əsgərov yenə prezidentdir. Bəlkə heç filan bölgədəki nümayəndə onun prezidentliyini istəmir. Ona görə də nə vaxta kimi bizdə nizamnamə belə pozulacaq, bizdə alınmayacaq. 
 
 
Qanunla bu federasiya artıq mövcud deyil. Çünki heç bir beynəlxalq yarışlara çağırılmırlar. Azərbaycan cəzalanıb. Bizdə ümumilikdə 24-25 nəfər dopinqə düşüb. Deməli, dövlətin bu idmançılar üçün təşkil olunan təlim-məşq toplanışları, oteldə məskunlaşma, qidalanması və s. çəkdiyi xərclər havaya sovrulub. Bəs bunların hesabatını kim verəcək? Bəlkə idmançıların yox, federasiya prezidentinin təqsiri var? Heç kim bu məsələlərə görə cəzalanmadı. Ona görə də hazırda oranın rəhbərliyi qeyri-qanunidir. İnşallah, Olimpiya Oyunları bitdikdən sonra Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev sərəncam imzalayacaq ki, bütün federasiyalar hesabat versin. Onda bütün məsələlər aşkara çıxacaq. Dopinq narkotikadan da pisdir. Biz gələcəyimizi öz əlimizlə şikəst edirik. Lənkəranlı idmançının Kiprdə onurğasının qırılması elə bunun zibilləri idi.
 
Fikir verin, jurnalistlər federasiyaya zəng vurur ki, məlumat alsın. Mətbuata informasiya verilməlidir. Rəhbərliyə zəng vurursan deyirlər ki, rəsmi məktub yazın, cavablandıraq. Belə şey olar?" 
 
Dünən 57 yaşını qeyd edən SSRİ idman ustası eyni zamanda beynəlxalq dərəcəli hakimdir. Onun Olimpiadaya hakim kimi yollana bilməməsinin səbəbi də federasiyadan ona qarşı yaradılan süni əngəllər olub:
 
"Beynəlxalq dərəcəli yeganə azərbaycanlı hakim, həm də məşqçiyəm. Yeganə azərbaycanlı hakiməm ki, 5 Olimpiadada hakimlik etmişəm. Amma indi federasiyadan mənimlə maraqlanmırlar. Ağır Atletikada mənim sözüm acı olduğu üçün hesablaşmırlar mənimlə.
 
Federasiyadan mənim məktubumu gec göndərdilər. Mənə badalaq vurdular ki, Olimpiadaya hakim kimi yollanmayım. Beynəlxalq Federasiyanın prezidentinə zəng vurub soruşanda, dedi ki, məktubun gec gəlib, komissiya qurtarıb. 1992-ci ildən Olimpiadada hakimlik etmişəm. Gürcüstanda keçirilən gənclər arasında dünya çempionatına da Milli Olimpiya Komitəsinin xətti ilə yollandım. Mən beynəlxalq münsiflər heyətinin üzvüyəm. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə müraciət etməsəydim, federasiya ora da məni göndərməyəcəkdi".(Qaynarinfo)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook