Vətəndaşdan şok iddia: “Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır
Avqust 19
04:10
2021
Evi sökülən qadın binada yaşamaq istəmir
"Vətəndaş kimi bizimlə hesablaşmağa məcburdular. Mənim evimi, həyətimi sökürlər, əvəzində məcbur edirlər ki, get 10-cu mərtəbədə yaşa. Niyə? Mən bu yaşınadək bina evində yaşamamışam, tutaq ki, lift fobiyam var, kiminləsə divar qonşusu olmaq istəmirəm, evimdə gecə-gündüz ağrıdan zarıyan uşağım var, bu isə divar qonşularını bir ömür narahat etmək deməkdir. Ən azı bunları nəzərə alıb bizim haqqımızı ödəsinlər, gedək özümüzə bir həyət evi alaq”.
Bunu Meydan TV-yə Bakı şəhəri, Abbas Səhhət küçəsindəki 47 saylı evin 3 saylı mənzilində yaşayan Alidə Məmmədova deyir.
"Gah suyu, gah qazı, gah da işığı kəsirlər”
Bir neçə aydır ki, bu küçədə pilot layihə adı altında həyətyanı sahəsi olan şəxsi evlər sökülür. Ərazidəki hündürmərtəbəli binanı "Marin Group” şirkəti inşa edəcək. Hələliksə söküntü işləri aparılır. Alidə xanım danışır ki, söküntü qapıya çatıb, ancaq onlar şirkətin təklifləriylə razılaşmadıqları üçün evlərini tərk etmirlər. Şirkətsə ailənin evi tərk etməsi üçün necə deyərlər, "əlindən gələni” edir:
"Azyaşlı qızım Gülabə serebral iflicdən əziyyət çəkir, 1-ci qrup əlildir. Gah evin suyunu, gah qazını, gah da işığını kəsirlər. Bütün qışı xəstə, "sudurğalı” uşaq soyuq, qaranlıq evdə qaldı. Hər dəfə evin ətrafında ağır texnikalar hərəkətə gələndə səsdən qorxuya düşür, qıc olmaları tutur, huşunu itirir. Çıxıb deyirik, evdə xəstə uşaq var, qorxur, qıc olur, deyirlər, biz söküntünü başa çatdırmalıyıq, götürün aparın başqa yerə, iş bitəndə gətirərsiz”.
"Bina yox, həyət evi istəyirik”
Alidə xanımın sözlərinə görə, evin sahəsi 90 kvadratmetrdir. Onlara bildirilib ki, sənəddə 67 kvadratmetrdir, evin sənəddə qeyd olunmayan faktiki sahələri, o cümlədən, həyətyanı sahə hesablanmır. 3 il kirayədə yaşayandan sonra hazır olan binaya köçəcəklər. Alidə xanım razılaşmır:
"Bina tikildiyi müddətdə kirayədə yaşamalı olacağıq. Bizimsə xəstə uşaqla kirayədə yaşayacaq halımız yoxdur. Üstəlik, həyət evinə öyrəşmiş adamlarıq, bina evində bircə gün də yaşamamışıq, niyə kiminsə istəyilə mütləq bina evində yaşamalıyıq? Uşaq xəstədir, onu həyətə çıxarırıq, hava alır, onu tez-tez həkimə aparırıq, havaya çıxarırıq, bina evində yuxarı mərtəbədən onu əlil arabasıyla hər gün düşürüb-çıxarmaq çətin olacaq. İstədiyimiz odur ki, evimizin dəyərini hesablayıb bizə pul versinlər, gedib həyət-bacalı ev alaq, həyatımıza qaldığımız yerdən davam edək. Deyirlər, şərtləri biz qoyuruq, siz razılaşmalısız”.
"Adamları evlərindən qol gücünə çıxartdılar”
"Ailələr şirkətin şərtləriylə razılaşmırdılar, evlərini tərk etmək istəmirdilər. Həmin ailələri evlərindən çıxarmaq üçün idmançıları əraziyə tökdülər, o idmançılar da adamları evlərindən qol gücünə çıxardılar. Elə ailələr var ki, sürüyə-sürüyə çıxartdılar evlərdən... İndi söküntü növbəsi gəlib bizim evə çatıb. Ürəyimizdə bir qorxu hissi var ki, hər an idmançılar peyda ola, bizi döyüb evimizdən çıxara bilərlər”.
"Marin Group” hazırda Nəsimi rayonu ərazisində pilot layihə çərçivəsində yeni "London Evləri”nin tikintisini həyata keçirir. Şirkətlə əlaqə saxlamaq mümkün olmayıb, Nəsimi Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ərazidəki pilot layihəni "Marin Group” şirkəti həyata keçirir. Abbas Səhhət küçəsindəki 47 saylı evin 3 saylı mənzilində yaşayan Məmmədovların ümumi sahəsi 67 kvadratmetr olan mənzilin qarşılığında yeni tikiləcək binadan sahəsi 93 kvadratnetr olan təmirli mənzil veriləcək.
Başqa bir vətəndaşsa şirkəti məhkəməyə verilib
Eyni küçənin 53 saylı evində yaşayan Mansur Ələkbərov da bu yaxınlarda məhkəməyə müraciət edib. O iddia edir ki, həmin ünvanda sahəsi 95 kvadratmetr olan mənzili məhkəmə qərarı olmadan və içərisində əşyalar ola-ola sökülüb. O, şirkətdən evinin bərpasını, əşyalarla əlaqədar maddi ziyana görə 27 min manat, mənəvi ziyana görə isə 150 min manat təzminat ödənilməsini tələb edir.
Mansur Ələkbərov deyir, özünü şirkətin rəhbərliyi kimi təqdim edən şəxslərlə Nəsimi bazarı deyilən ərazidə – "Marin Group”un ofisində görüşüb. Şirkətin rəhbərliyi isə onu dinləmək əvəzinə təhqir edərək qovub.
Mənbə: Meydan.tv
Qlobal.az