SON XƏBƏR

Vəzifəli şəxsin şirkəti generalın adından istifadə edib vətəndaşları aldadıb? - ŞİKAYƏT

Avqust 26
10:56 2020
"Konstra" MTK-nın sahibi Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir...

Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK və "Orxan TİT" MMC ilə vətəndaşlar arasında narazılıq davam edir.
 
Binadan mənzil alan və tikitinti şirkətləri tərəfindən aldandıqlarını deyən vətəndaşlar bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin qarşısında aksiya da keçiriblər. Bu barədə "MeydanTv" canlı yayım edib. 

Bu barədə binadan ev alan Bəxtiyar Əliyev, Günay Rəhimova, Araz Bayramzadə, (etibarnamə ilə Cəlilov Bəxtiyar), Kənan Cuvarov, Bilal Hacıyev və digər vətəndaşlar "CivilAzerbaijan.com"a məlumat veriblər.

Bəylər Əyyubov və Etibar Məmmədovun adından istifadə edirlər

Sakinlər külli miqdarda dələduzluqla məşğul olan şirkətin araxasında dövlət məmuru - Bəhram Abbasovun dayandığını deyirlər.

Onların sözlərinə görə, şirkət rəhbəri Məhərrəm Həsənov onların tələblərini dinləmək istəmir, hətta şirkət rəhbəri onları Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov və AMİP lideri Etibar Məmmədovun adından təhdid edir.

Sakinlər problemlə bağlı Bəylər Əyyubovla Etibar Məmmədova da müraciət etdiklərini deyirlər.

Onların sözlərinə görə, şəxsən Baş prokuror Kamran Əliyevlə görüşüb tələblərini ona çatdıracaqlar.

Şikayətçilər bildiriblər ki, "kotlavan"dan mənzil alıb ödəniş etsələr də, şirkət mənzilləri öz sahiblərinə deyil, daha baha qiymətə başqalarına satır: "Deyirlər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirlər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqlar... Binanı isə bizim pulumuzla tikiblər, çünki pulu "kotlavan"dan ödəmişik".

Dilafir Rəsulovun ölkədən məqsədli qaçırıldığı deyilir

Günay Rəhimova deyir ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən aldıqları evlə bağlı maliyyə arayışı da var.

Şəhər sakini Asif Məmmədov bildirib ki, şirkət onların pulunu da mənimsəyib: "Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibiylə podratçı "Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə "Orxan TİT” şirkətidir. "Orxan TİT” dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi".
 
Sakinlərlə müqavilə imzalayan şirkətin icraçı direktoru Dilafir Rəsulovu isə ölkəni tərk edib.

Şirkət sakinlərə onun ölkədən qaçdığını desə də, sakinlər onun məqsədli olaraq Moskvaya göndərildiyini deyirlər.

"Bütün sənədlərdə, müqavilələrdə Dilafir Rəsulovun imzası var", - sakinlər deyirlər.

Baş Prokurorluq isə sözügedən şirkətlə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işinin başlandığını açıqlayıb.

Bu barədə qurumun mətbuat xidmətinin 3 iyun 2020-i il tarixli açıqlamasında deyilir.

Məlumatda bidirilir ki, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Müqavilə imzalayan sakinlər üzləşdikləri problemə görə Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovu günahlandırırlar. Çünki "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı onun oğludur. Sakinlər isə deyirlər ki, əslində, şirkət sadəcə, kağız üzərində Bəsrət Abbaslınındır, əsl sahibi Bəhram Abbasovdur.

"Aksiyamızı davam etdirəcəyik"

Bəsrət Abbaslı isə mediaya açıqlamasında Dilafir Rəsulovu günahlandırıb: "Şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim. Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor Dilafir Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin Dilafir Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. Dilafir Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib".

Hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açıldığını deyən şirkət rəhbərliyi cinayət işinin məhz onların və vətəndaşların şikayəti əsasında açıldığını deyir.

Sakinlər isə şirkət rəhbərliyinə inanmır, şirkətin faktiki dələduzluqla məşğul oldunu deyirlər. Onlar aksiyalarını davam etdirəcəklərini də istisna etməyiblər.

Şikayətçilər şirkət rəhbərinin "Orxan TİT” MMC-ni podratçı şirkət kimi təqdim etməsi ilə də razılaşmırlar. Onlar deyirlər ki, "Orxan TİT” MMC podratçı şirkət olmayıb, "Konstra” MTK ilə şərik olub. Onlar şirkətlərin şərik olduğu barədə sənəd də təqdim ediblər. Həmin müqavilədə hər iki şirkətin tikintidə şərik olduğu əksini tapıb.

Dövlət məmuru, yoxsa biznesmen?

"CivilAzerbaijan.com"un araşdırmalarına görə, Bəhram Abbasovun böyük biznes şəbəkəsi də var. Dövlət məmurunun özəl sektorda çalışmasını qanun qadağan etsə də, görünür havadarları Bəhram Abbasov üçün yaşıl işıq yandırıblar.

Onun bəzi obyektlərinin özünün, bəzilərinin də bacısı oğlu Mahmud Nəbiyevin adında olduğu bildirilir.

Bəhram Abbasovun obyektlərinin siyahısı isə belədir:
 
- Gümüş Plaza"da - 220 kvm mənzil;
- Babək prospektində torpaq sahəsi;
- Musa Nağıyev adına küçədə (Tarqovı) 3 otaqlı mənzil;
- Yasamalda 26 sot torpaq;
- Somqayıt Dəmiryol Vağzalında 57 sot dayanacaq;
- Bayraq meydanının yanında 11 sot torpaq və s.

Qeyd olunur ki, bu hələ Bəhram Abbasovun mülklərinin bir qismidir.

Bəhram Abbasov isə şirkətlərin ona məxsus olduğunu və biznes fəaliyyəti ilə bağlı iddiaları nə təsdiq, nə də təkzib edib.

Hazırda isə 143 vətəndaş Baş Prokurorluqla iki tikinti şirkətinin arasında qalıblar. Onlar ölkə başçısına müraciət edərək bu qanunsuzluğa son qoymağı da xahiş ediblər.

Mənbə: "Civil Azərbaycan"
 
Maliyyə müqaviləsi
 

 

 

 
Şikayətçilərin siyahısı
 

 

 

 

 
Şirkətlərin şəriklilik müqaviləsi
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook