SON XƏBƏR

Xəzər Dəniz Gəmiçiliyi “TransCaspian 2016” sərgisində yeni əməkdaşlıq əlaqələrin qurulmasına çalışır

May 12
11:31 2016
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi "TransCaspian 2016” sərgisində yeni əməkdaşlıq əlaqələrin qurulmasına çalışır.
 
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Bakı Ekspo mərkəzində açılan XV yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian-2016) sərgisində iştirak edir. Gəmiçiliyin ekspozisiyasında təqdim olunan materiallar, maketlər, videoçarx sərgi iştirakçılarında gəmiçiliyin göstərdiyi xidmətlər haqqında ətraflı təsəvvür yaradır. Stenddə Xəzərdə və Xəzərdənkənar hövzələrdə yüklərin daşınması, ölkəmizin neft-qaz sənayesinin dənizdə həyata keçirdiyi layihələrə hərtərəfli dəstək, kadr hazırlığı, gəmi təmiri və sair barədə məlumat almaq mümkündür. Sərgidə iştirak edən gəmiçiliyin mütəxəssisləri ziyarətçilərin bütün suallarına cavab verərək, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına səy göstərirlər.
 
Qeyd edək ki, özünün 15 illik yubileyini qeyd edən TransCaspian sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, mövcud münasibətlərin inkişafına və yeni iş birliyinin yaradılmasına xidmət edən mühüm nəqliyyat forumuna çevrilib. 15 il ərzində TransCaspian sərgisində təxminən 700 şirkət iştirak edib.
 
Bu il sərginin dəmiryol infrastrukturu, dənizçilik sənayesi, aviasiya, kommersiya nəqliyyatı və nəqliyyat-loqistika xidmətləri kimi sektorlarında nəqliyyat sahəsinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunur.
 
Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən Şimal-Cənub, Transxəzər beynəlxalq nəqliyyat marşrutu, multimodal "Vikinq” layihəsi və Bakı-Tbilisi-Qars kimi irimiqyaslı nəqliyyat layihələrinin həyata keçirilməsi sərginin aktuallığını artırmaqla yanaşı, xarici və yerli nəqliyyat şirkətlərinə məhsulların və xidmətlərin satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından gözəl imkan yaradır.
 
Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənən TransCaspian-2016 sərgisinin təşkilatçıları "Iteca Caspian” və Böyük Britaniyanın "ITE Group” şirkətləridir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook