SON XƏBƏR

Zərrab ikinci prosesə mülki geyimdə gətirildi, sensasion bəyanat verdi:“Məni həbsxanada ölümlə təhdid edirlər“ - İş adamının ifadəsi

Dekabr 01
02:19 2017
ABŞ-ın Nyu-York məhkəməsində bu gün keçirilən ikinci prosesdə azərbaycanlı milyarder, İran və Türkiyə vətəndaşı olan Rza Zərrab həbsxanada ölümlə təhdid edildiyini açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, buna görə Mərkəzi Kəşfiyyat İdarəsinə aid olan bir məkanda saxlanıldığını bildirib. Lakin o, kim tərəfindən, necə və niyə təhdid olunduğuna dair detallı danışmayıb.  

Qeyd edək ki, dünənki prosesə məhbus geyimində, ayaqları qandallı gətirilən Zərrab bugünkü prosesə mülki geyimdə gəlib.

O, məhkəmədə "Xalqbank" sədrinin beynəlxalq məsələlər üzrə müavini Mehmet Hakan Atillaya qarşı ifadəsini davam etdirib.

Zərrab bildirib ki, həmin dövrdə ABŞ-ın sanksiyası ilə üzləşən İran pullarını Hindistandan da çıxarmaq istəyiblər. Bu məqsədə də adını xatırlaya bilmədiyi bir hind şirkəti ilə də 2012-ci ildə danışıqlar aparıblar: "Oradakı pulu  Ərəb Türk Bankı vasitəsi ilə transfer etdik".

Pulu türk lirəsinə niyə dəyişdikləri barədə suala cavab verən Zərrab deyib ki, pulu dollarla köçürsəydilər, o, öncə ABŞ-a gedəcəkdi: "Avro ilə olsaydı, Avropaya. Ona görə lirə köçürdük ki, pul Türkiyədə qalsın, çıxmasın".

Rza Zərrab Türkiyənin o illərdəki iqtisadiyyat naziri olan Zəfər Çağlayan və iranlılar arasında çoxlu görüşlər keçirdiklərini də deyərək, bunlardan bir neçəsinin də "Xalqbank"da baş tutduğunu bəyan edib: "Ancaq bu görüşlərdə İranın neft naziri iştirak etməyib".

Prokurorun "Həmin görüşdə bankdan kimlər vardı" sualına Zərrab belə cavab verib: "Süleyman Aslan və Mehmet Hakan Atilla".

Zərrab, şirkətinin daxili mühasibatlığına dair ortaya qoyulan dəlillərə gəldikdə isə, onların İranla aparılan ticarətə və ödənilən pullarla bağlı sənədlərə aid olduğunu təsdiqləyib.

Həmin sənədlər elan olunarkən, Zərrab onlardan birinin hədiyyə üçün çox bahalı qol saatına aid olduğunu, "S.A." hərfləri ilə işarələnmiş sənədlərin isə "nağd ödəmə" anlamına gəldiyini deyib. Digər bir sənəddə isə "nağd" qrifi ilə 2 milyon avro ödənildiyi açıqlanıb. 

Həmin sənədlərin içində kimlərə nə qədər rüşvət verilməsindən bəhs edən faktlara gəldikdə isə, Zərrab bunu belə izah edib: "Həmin rüşvət sənədlərinin bir hissəsində bilərəkdən saxta, yanlış adlar göstərilib".

Zərrab bundan sonra hazırda müttəhim kürsüsündə oturan Atillaya heç vaxt rüşvət vermədiyini bəyan edib: "Zatən, o, heç vaxt rüşvət istəməyib".  

Zərrab Çində də oxşar ticarət sistemi yaratmaq üçün şirkət qurduğunu və bir neçə ay həmin şirkəti də işlətdiyini deyib.

Bu zaman Zərrabın işçisi Rüçhan Bayarın Çindəki işlə bağlı atdığı bir elektorn məktubun sübut kimi istintaq sənədləri arasına daxil edilməsinə Mehmet Hakan Atillanın vəkili Keti Fleminq etiraz edib: "Bu, köksüz və şaiyə əsaslıdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook