SON XƏBƏR

Azərbaycanlı yazıçının kitabı Misirdə ərəb dilində nəşr olundu

Yanvar 29
14:48 2024
Tanınmış yazıçı, psixoloq Rövşən Abdullaoğlunun psixoloji-detektiv janrda qələmə aldığı "Abaddon" romanı Misirdə "Jusur Publishing” nəşriyyatı tərəfindən ərəb dilində çap olunub. 

Bu, R.Abdullaoğlunun ərəb dilində işıq üzü görən ilk kitabıdır. Kitab ilk dəfə Qahirə Kitab Sərgisində oxucuların diqqətinə təqdim olunub. 

"Abaddon” romanı Azərbaycanda 2018-ci ildə işıq üzü görüb və ilk nəşri cəmi 3-4 saata satılaraq bitib. Bu vaxta kimi Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitab ABŞ-nin ˝Readers’ Favorite˝ beynəlxalq kitab müsabiqəsində münsiflərin rəyi əsasında maksimum bal toplayaraq "beş ulduz" fərqlənmə nişanı ilə təltif edilib.

Qeyd edək ki, müxtəlif janrlarda ümumilikdə 28 kitab müəllifi olan Rövşən Abdullaoğlu "PEN America” yazıçılar birliyinin üzvüdür. Ədibin bir neçə kitabı ingilis, rus və türk dillərinə tərcümə edilib. İngilis dilinə tərcümə olunmuş əsərləri ABŞ-nin "IndieReader", "Kirkus", "Readers’ Favorite" və "Self-Publishing Review" kimi nüfuzlu ədəbi tənqid qurumlarından yüksək rəy alıb. 

Azərbaycanda bir sıra dövlət qurumları tərəfindən mükafatlandırılan R.Abdullaoğlunun əsərlərinin motivləri əsasında bu yaxınlarda "Bu şəhərdə kimsə yoxdur” adlı serialın çəkilişlərinə də başlanılıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook